Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

XİN-dən Mirzoyanın iddialarına CAVAB

Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur.

Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatlarına dair şərhində əksini tapıb.

Şərhdə 25 oktyabr tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pislənilir.

"Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir.

Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur.

Bununla yanaşı, Qranada görüşünün yekun açıqlamasına istinadən müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri növbəti dəfə xatırlayan Ermənistan tərəfi unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə sözügedən prinsipləri bütün səyləri ilə pozan tərəf olub.

Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır.

Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.

Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - şərhdə vurğulanır.