Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ulu Öndərlə bağlı kitabı hazırlamaq üçün MDB ölkələrinin xüsusi xidmət orqanlarına müraciət etdik

Ulu Öndərlə bağlı kitabı hazırlamaq üçün MDB ölkələrinin xüsusi xidmət orqanlarına müraciət etdik

Rəhbərlik bizim qarşımızda Heydər Əliyev haqqında silahdaşlarının xatirələrini toplamaq tapşırığı qoymuşdu. Qısa müddətdə bu kitabın ərsəyə gəlməsi ciddi əmək tələb edirdi. Redaksiya heyəti olaraq qısa müddətdə bu işin uğurla öhdəsindən gələ bildik. Xüsusiən redaksiya heyətinin üzvləri Tamerlan Rəhimov, Samirə Abduləlizadəni qeyd etmək vacibdir.

Day.Az xəbər verir ki, bunu təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev "Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

"Hamıya məlumdur ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) orqanlarının Heydər Əliyevlə çalışan əməkdaşı az qalıb, təəssüflər olsun ki, onların bir çoxu dünyasını dəyişib. Bütün bu səbəblər bu kitabı hazırlamaq üçün bir çox çətinliklər yaradırdı.

Ulu Öndərlə çalışan 4 nəfərlə söhbətlər apardıq, onlardan məlumatları topladıq. Daha sonra qərara gəldik ki, Ulu Öndər Heydər Əliyevlə çalışan şəxslərin ailə üzvləri ilə söhbət aparaq. Biz onlardan Ulu Öndər Heydər Əliyev haqqında çox mühüm və heç yerdə yazılmamış məlumatlar toplaya bildik. Heydər Əliyevin iş üslubu, xarakteri və digər xüsusiyyətləri ilə bağlı toplaya bildiyimiz məqamları kitabda qeyd etdik.

Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər kifayət qədər tanınmış şəxs idi, ona görə də biz ölkə xaricindəki şəxslərdən də məlumat ala biləcəyimizi müəyyənləşdirdik. Qərara gəldik ki, MDB ölkələrinin xüsusi xidmət orqanlarına müraciət edək. Müraciətin məğzi ondan ibarət idi ki, həmin ölkələrdə Heydər Əliyevlə çalışan insanlardan sağ qalanları tapaq və onların xatirələrini dinləyək.

Bu istiqamətdə də işlərə başladıq. Qazaxıstandan İbrahim Rəsulov, Özbəkistandan Tursun Aycılov Ulu Öndərlə bağlı xatirələrini, məlumatlarını bizimlə bölüşdü. Rusiyadan da dəyərli məlumatlar da ala bildik, çünki H.Əliyevin şəxsi işi barədə məlumatlar onlarda da var. Onlar bizə zəngin materiallar göndərdilər.

Kitabda Heydər Əliyevin silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu Öndərlə ilk tanışlıqlarından, aralarında mövcud olan rəhbər-işçi münasibətlərindən, onun əməkdaşlara diqqət və qayğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı söhbət açırlar. Nəşrin "Ön söz"ünün müəllifi DTX-nin rəisi, general-polkovnik Əli Nağıyevin qeydləri də kitabın sujetinə xüsusi əhəmiyyət qatır

Beləliklə, "Ulu Öndər silahdaşlarının xatirələrində" adlı maraqlı kitab ərsəyə gəldi. Qeyd edim ki, kitab çox maraqlı alınıb, bu kitabda Ulu Öndər barədə daha əvvəllər səsləndirilməyən bir çox məlumatlar qeyd olunub. Kitabın daha bir unikallığı da odur ki, 44 fəsildən ibarətdir. Bu da 44 günlük Vətən Müharibəsindəki zəfərimizlə təsadüfi oxşarlıq təşkil edir.

Vuğulamaq lazımdır ki, bu kitab bizim ilk işimiz deyil, daha öncə də biz "Naturalist", "Port Pəhləvi", "Xankəndi 1967", "Generalın planı" filmlərinin ərsəyə gəlməsində iştirak etmişik. Bu filmlər də məhz Ulu Öndərlə çalışan veteranların xatirələri əsasında lentə alınıb", - deyə o qeyd edib.

A.Qarayev "Ulu Öndər silahdaşlarının xatirələrində" kitabının ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.