Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qəzzanı atəşin içinə atan HƏMAS-a "başla" əmrini ONLAR verib - SENSASİYA

İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşun hissəsi olan İran İnqilab keşikçiləri Ordusuna (qısaca olaraq "SEPAH" kimi tanınır) fərqli dövlətlərin fərqli münasibəti var. Bu fərqlərə xüsusi diqqət edəcəyik. Hazırda Yaxın Şərq barıt çəlləyinə dönüb. Vəziyyət son dərəcə pisdir. Daha da pis ola bilər. Gərginliyin bu dərəcədə kritik olmasında SEPAH-ın xüsusi rolu var.

Bəri başdan onu da vurğulayaq ki, Qərb, elə Azərbaycan da SEPAH-a xüsusi simpatiya bəsləmir. Tam əksinə. O da sirr deyil ki, SEPAH generalları dəfələrlə Ermənistanı açıq şəkildə müdafiə edib, Azərbaycanı isə hədələyiblər. Ölkəmizdə "sionist" ünsürlərin və təkfirçi qüvvələrin olduğunu iddia etmək isə SEPAH-ın ənənəvi ittihamları sırasında yer alır. "İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək" kimi bəyanatlar sistemli xarakter daşıyır. Hətta SEPAH Azərbaycanla sərhədə qoşun yeridərək ölkəmizin suverenliyini belə açıq şəkildə təhdid etməkdən çəkinməyib.

Xatırladaq ki, SEPAH 5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılıb. Elə o vaxtdan da bu ordu molla rejiminin bel sütunu sayılır. İranın hazırkı dini lider Seyyid Əli Xameneyi də SEPAH-a xüsusi diqqət göstərir. Bugünlərdə "The Tehran Times" "IRGC is the world's biggest anti-terrorism force: Ayatollah Khamenei" (SEPAH dünyanın ən böyük anti-terror qüvvəsidir: Ayətullah Xameneyi) adlı məqaləsində deyilir ki, dini lider SEPAH-ın yüksək rütbəli zabitləri ilə görüşündə belə deyib: "Bu gün SEPAH dünyanın ən böyük anti-terror təşkilatıdır".

Dini rəhbər SEPAH-ı yaxşı silahlanmış, müstəqil və effektiv ordu kimi təsbit edib və vurğulayıb ki, "dünyada bir çox böyük ordunun edə bilmədiyi işləri SEPAH görə bilər".

SEPAH-ın, tarixin qanlı terror qruplaşması olan İŞİD-ə qarşı ən bacarıqlı qüvvə kimi ortaya çıxması fikri də İranın dini lideri tərəfindən səsləndirilib. Ayətullah Xameneyi onu da deyib ki, düşmənlərin SEPAH-ın imicinə xələl gətirmək üçün "yalan xəbərlər, şayiələr və hər cür hiylə və kələyə" əl atmaqdan başqa yolu qalmayıb.

"SEPAH-ın imici" məsələsi ilə bağlı Ayətullah Xameneyinin narahatlığı təsadüfi deyil. Belə ki, onun "dünyanın ən böyük anti-terror təşkilatı" adlandırdığı SEPAH nə qədər paradoksal olsa da Bəhreyn, Səudiyyə Ərəbistanı, İsveç və ABŞ tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınır. Təbii ki, bu siyahıda ABŞ-ın xüsusi yeri var. 15 aprel 2019-cu il tarixindən etibarən Amerika SEPAH-ı terror təşkilatı hesab edir. Maraqlıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Pentaqon rəsmilərinin bəziləri buna qarşı çıxıb. Bu münasibətlə aprelin 8-də İsrailin Baş naziri Benyamin Netanyahu ibrani dilində tvit ataraq, Amerika "başqa bir mühüm xahişimi" yerinə yetirib dedi. Türkiyə, İraq və Çin də daxil olmaqla bir sıra ölkələr Amerikanın bu addımını tənqid etdi. İranın İslam məşvərət şurası və parlament üzvləri Amerikanın bu qərarına etiraz olaraq SEPAH-ın hərbi formasını geyindilər...

Düşünün ki, İranla Səudiyyə arasında münasibətlər Çinin vasitəsi ilə istiləşəndən sonra belə Səudiyyənin "Əl-İttihad" futbol komandası Asiya Çempionlar Liqası matçında İranın "SEPAH" komandası ilə qarşılaşmaq üçün İsfahana səfər edib. Bağdadda ABŞ tərəfindən öldürülən İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymaninin 3 büstünü meydançanın girişində görən qonaqlar stadionu futbol oynamadan tərk etdilər. İranlılar üçün Qasım Süleymani qəhrəman, səudiyyəlilər üçün isə terrorçudur. Səudiyyə Ərəbistanı stadionda büstlərin olmasını təxribat kimi qiymətləndirib...

Yazının əvvəlində qeyd etdik ki, Yaxın Şərqdə gərginliyin bu dərəcədə kritik olmasında SEPAH-ın xüsusi rolu var. O rol konkret olaraq nədən ibarətdir? Bu suala cavab vermək üçün öncə ona diqqət etmıəliyik ki, Yaxın Şərqdə alovlanan bu müharibəni kim başladı? Cavab bəllidir? HƏMAS. Yaxşı HƏMAS İsrailə Fələstin xalqının maraqlarının müdafiəsinə görəmi hücum etdi? Yox. Səbəb ondadır ki, İran HƏMAS-a hücum əmri verdi. Onlar da əmri icra etdilər. Necə ki, 2006-cı ildə Hizbullah İranın əmri ilə Livanı İsrail ilə müharibəyə vadar etmişdi.

Yaxşı, İran durub-durub nədən HƏMAS-a belə bir əmr verdi? Çünki Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli yaxşılaşmışdı. Tərəflər arasında münasibətin bu səviyyədə istiləşməsi çoxlarını heyrətdə qoymuşdu. Təbii ki, rəqiblər də yatmamışdı. Onlar sadəcə bu prosesi izləmirdilər, situasiyanı dəyişmək üçün konkret iş görürdülər. Sirr deyil ki, Amerika Yaxın Şərqdə mövqeyinin zəiflədiyini hiss edərək hərəkətə keçdi. Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarım-gizli danışqlar başladı. İlkin anlaşmaya əsasən Səudiyyə Ərəbistanı ABŞ-ın "əsas qeyri-NATO müttəfiqi" elan olunacaqdı. Yəni İsraillə eyni səviyyədə müdafiə paktında yer alacaqdı. Bu müqavilə Səudiyyənin uranın zənginləşdirilməsini də əhatə edən mülki nüvə proqramına sahib olmağına imkan verəcəkdi. Özü də rəsmi Vaşinqton təkcə İsrail-Səudiyyə münasibətlərini pozitiv ovqata kökləmirdi. Eyni proses digər ərəb ölkələrini də öz ağuşuna almışdı. Belə ki, İsrail Amerikanın məsləhəti ilə 2020-ci ildə dünyada "Abraham Accords" (İbraihim anlaşması) kimi tanınan xarici siyasət xəttinə keçid etmişdi. Qısa zaman ərzində İsrailin Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş kimi ərəb ölkələri ilə münasibətlərini inkişaf mərhələsinə qədəm qoymuşdu.

Səudiyyə Ərəbistanı ərəb dünyasında açar ölkədir. Bu ölkənin İsrail ilə yaxınlaşması İranın Yaxın Şərqdəki mövqeyini zəiflədəcəydi. İran üzərindən prosesə nəzarət edən Çinə də bu perspektiv yaxşı bir şey vəd etmirdi. Heç Rusiya da bundan məmnun deyildi...

İran, onun arxasında isə Çin prosesin bu məcrada gedişini pozmaq üçün plan cızdı. Və HƏMAS İranın göstərişi ilə İsrailə qəfil hücum etdi. Birmənalı olan odur ki, HƏMAS, Hizbullah, Yəməndəki Husi üsyançıları, İraqdakı xeyli İrana bağlı terror təşkilatları, Suriyadakı oyuncaq rejim...və.s. İranın göstərişi ilə sinxron şəkildə hərəkət edə bilərlər. Aydındır ki, lazım gəlsə, bu şəbəkə Azərbaycanı da, Türkiyəni də hədəf ala bilər və bu, istisna edilmir. Buna kiminsənin şübhəsi olmasın.

Bəzi dostlarımız da deyir ki, biz niyə İsraili müdafiə etməliyik? Azərbaycan pulunu verib, silahını alıb. Yəqin razılaşrsız ki, Azərbaycanın pulu Ermənistandan çoxdur. Fransa Azərbaycana silah satar? Əlbəttə ki, yox. Və ya İsrail Ermənistana silah satar? Cavab eynidir. Qardaş Türkiyəyə baxaq. ABŞ və Türkiyə NATO-nun üzvüdür. Ancaq ABŞ Türkiyəyə 20 milyard dollarlıq silahı, xüsusən F-16 qırıcılarını verməkdən xeyli müddətdir ki, imtina edir...

Ümumiyyətlə, silah satışı siyasi məsələdir. Həm də ultra-müasir silahları satan ölkə satdığı silaha nəzarəti yenə də özündə saxlayır. Yəni silahı istehsal edən ölkənin razılığı olmadan sən o silahdan istifadə edə bilməzsən. Belə sadə şeyləri bilmək lazımdır.

Ona görə də erməni yanlısı olan İranın sifarişi ilə Qəzzanı odun-alovun içinə soxan HƏMAS-ı müdafiə edəndə Azərbaycanın dövlət maraqlarını unutmayın. Unutmayın ki, İsrailin silahları olmasaydı II Qarabağ Müharibəsinin nəticəsi ciddi şəkildə fərqli ola bilərdi.

İrana görə, daha doğrusu İrandan hər il aldığı 100 milyon dollarlara görə öz xalqını odun-alovun içinə atan HƏMAS-ı müdafiə etməyə dəyməz. Hizbullah lideri Seyid Həsən Nəsrullahın İranla bağlı dillər əzbəri olan bir fikri var: "Yediyimiz çərəyi də, içdiyimiz suyu da İranın pulu ilə alırıq". Yəni İran yoxdursa, onlar da it-bat olub gedəcəklər. Hələ orası da var ki, İrana bağlı şəbəkəyə daxil olan terror təşkilatlarının hamısı məhz SEPAH-ın hərbi düşərgələrində təlim görürlər...

Bir önəmli məqama da toxunaq. Azərbaycanın ictimai rəyində İsrailə simpatiya var. Bəllidir ki, Azərbaycan ictimai rəyində İsrailə münasibət müsbətdir. Bunun səbəbi də məlumdur. Mən sadəcə bir detalı da əlavə etmək istərdim. 44 günlük müharibə zamanı ABŞ yerli erməni lobbisinin tələbi ilə İsrailə təzyiq edirdi ki, yəhudi dövləti Azərbaycana silah satışını dayandırsın. İsrail prezidenti o vaxt Amerikaya ibratamiz bir söz demişdi: "İsrail öz dostlarını müharibənin ortasında tək qoymur". Bizim də Azərbaycan olaraq İsraili tək qoymağa haqqımız yoxdur.

Bu məsələdə son dərəcə önəmli bir məqam da var. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan edib ki, rəsmi Bakı paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaranmasına dəstək verir. Hətta İlham Əliyev 2017-ci ildə ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan etməsini rəsmi etirazla qarşılamışdı. O vaxt İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkə belə bir bəyanat verdi ki, Amerikanın təkidi ilə öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək ölkə ilə əlaqələri tam kəsməli olacağıq: "Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək..."

Yeni Müsavat