Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Makron Qəzzada və Qafqazda sülhə qarşı

İsrail-Həmas müharibəsi qanlı mərhələyə keçib və ən mənfi ssenari Qərb liderlərinin problemin masada həllinə nail olmaq əvəzinə savaşı körükləməkdir. ABŞ prezidenti Co Bayden bəyan edib ki, “müharibəni dayandırmağın vaxtı deyil”. Eyni mövqe Avropa ölkələri tərəfindən də sərgilənir və İsrailə tam dəstək nümayiş etdirilir.

Bu gün Qəzzada baş verənlər Həmasın zəifləməsi, yaxud sıradan çıxarılmasından daha çox minlərlə mülki insanın ölümünə səbəb olur. Çünki Həmas üzvləri bölgədə illərdir qazdıqları tunellərdə müdafiə olunur, əvəzində mülki insanlar ölür.

Beynəlxalq hüquq da, bəşəri dəyərlər də qanlı müharibəsin dayandırılması zərurətini ortaya qoysa da, Qərb ölkələri “ocağın üzərinə yağ” tökməklə məşğuldur.

Fransa isə bir qədər də irəli gedərək, müharibəni daha genişmiqyaslı müstəviyə keçirməyi təklif edir. Makron İsrailə səfəri zamanı bəyan edib ki, Həmasla mübarizə üçün İŞİD terror təşkilatına qarşı yaradılan beynəlxalq koalisiya qurulmalıdır.

İŞİD-ə qarşı qlobal koalisiya Həmasla da mübarizə aparmalıdır. Fransa buna hazırdır. Bizim hamımımızı təhdid edən terror qruplarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiyaya ehtiyac var”, - Makronun təklifi belədir.

Halbuki, Makronun səfərindən öncə onun İsraildə ən azı “humanitar atəşkəsə” nail olmağa çalışacağı haqda məlumatlar yayılmışdı. Fransa prezidenti isə nəinki atəşkəsdən, hər-hansı humanitar addımdan belə bəhs etməyib. Əksinə müharibəni sona qədər davam etdirilməsi zərurətini bildirib.

Onun bəhs etdiyi İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiya 2014-cü ildə yaradılıb və 86 ölkəni özündə birləşdirir. Və sual yaranır: Makron ağlını itiribmi?

Birincisi, kiçik bir ərazidə 40 minə yaxın silahlıya qarşı 86 ölkənin ordusunun döyüşməsinə ehtiyac varmı?
İkincisi, bunun baş verməsi müharibənin Qəzzadan kənara da sıçrayacağını qaçılmaz edəcək;
Üçüncüsü, müharibə regional, daha sonra qlobal miqyasa keçə bilər;

Fransa prezidenti faktiki olaraq beynəlxalq sülhü təhdid edir. Və bu, Makronun təkcə ağılsızlığını yox, həm də nə qədər aqressiv olduğunu ortaya çıxarır.

Sülhü bərpa etmək əvəzinə, müharibəni körükləyən Makron bu gün eyni siyasətini Cənubi Qafqazda da tətbiq edir. Fransanın Ermənistanı silahlandırmasının hədəfi məhz gələcək eskalasiyaların hazırlanmasına hesablanıb.

Azərbaycan öz ərazisində erməni separatizmini ləğv etdikdən və silahlı dəstələri tərki-silah etdikdən sonra sülh gündəliyini elan edib. Bu, region ölkələri tərəfindən dəstəklənir. Regionda sülhə nail olmaq və təhlükəsiz gələcək inşa etməyin yeganə yolu sülh sazişinin imzalanmasıdır. Ki, artıq bunun üçün heç bir maneə qalmayıb. Bu vəziyyətdə Fransa Ermənistan üzərindən proseslərə müdaxilə etməyə və sülh gündəliyini arxa plana keçirməyə çalışır.

- Ermənistan və Fransa radar və zenit-raket sistemlərinin verilməsi ilə bağlı hərbi saziş imzaladı;
- Növbəti mərhələdə artilleriya və hücum məqsədli digər ağır texnikaların verilməsi planlaşdırılır;
- Ermənistan ordusunun yenidən qurulması və müharibəyə hazırlanması məqsədilə fransalı hərbi mütəxəssislər göndərilir;
- Parisin təşəbbüsü ilə artıq digər Avropa ölkələrinin də Ermənistana hərbi dəstək verməsi gündəmə gəlib: Hollandiya parlamentinin İrəvana hərbi dəstək göndərilməsi çağırışı belə nümunələrdən biridir;

Əgər Fransa həqiqətən də sülh istəyirsə, sülh sazişi üçün heç bir maneənin qalmadığı halda Ermənistanı silahlandırmamalıdır. Makronun həyata keçirdiyi siyasət məhz qanlı müharibənin hazırlanması məqsədi daşıyır. Qəzzada müharibəni körüklədiyi kimi, Cənubi Qafqazda da eyni ssenarini tətbiq edir.

Asif Nərimanlı

Publika.az